|
Naxçıvan Muxtar
Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Texniki
binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Açılış mərasimində çıxış
edən nazir Rövşən Məmmədov ötən dövr ərzində rabitə və informasiya
texnologiyaları sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki,
muxtar respublikanın telekommunikasiya imkanlarının genişləndirilməsi
məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel
üzərindən rabitə kanalları yaradılmış, Naxçıvan-İran-Bakı istiqamətində
əlavə yeni sistem qurularaq kəsintisiz dairəvi şəbəkə təşkil
edilmişdir. Muxtar respublikaya daxil olan və çıxan rabitə trafikinin
analizi üçün server qurulmuş, muxtar respublikaya daxil olan internet
kanalının həcmi 155 mb/san-dək artırılmış, bütün rayon mərkəzlərində
yüksək sürətli genişzolaqlı internet xidmətlərinin göstərilməsi
imkanları yaradılmışdır.
Naxçıvan Muxtar
Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində həyata
keçiriləcək tədbirlərə də toxunan nazir 2010-cu ildə Naxçıvan şəhərini,
ətraf qəsəbə və kəndləri əhatə edəcək 21 000 abunəçi tutumu olan ən
müasir yeni nəsil 3G texnologiyası ilə işləyən telekommunikasiya
avadanlıqlarının artıq Naxçıvana gətirildiyini, may ayınadək
avadanlıqların quraşdırılmasının başa çatdırılacağını bildirib.
Avadanlıqlar işə salındıqdan sonra bu şəbəkə üzərindən abunəcilərə
mövcud telefon rabitəsindən əlavə İP televiziya, İP telefon,
videotelefon, genişzolaqlı internet və çoxlu sayda digər servis
xidmətlərinin təklif edilməsi mümkün olacaqdır.
Mərasimdə çıxış edən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir
iştirakçılarını nazirliyin texniki binasının istifadəyə verilməsi
münasibətilə təbrik edib, ölkəmizdə quruculuq siyasətinin sürətlə davam
etdirildiyini, bu siyasətin informasiya texnologiyaları sahəsini də
əhatə etdiyini deyib.
Ölkəmizdə rabitə sisteminin
keçdiyi inkişaf yolundan danışan Ali Məclis Sədri rabitə sistemində yeni
texnologiyaların tətbiqinin, internet şəbəkəsinin, mobil rabitənin
genişlənməsinin, müxtəlif xidmətlərin təşkilinin müasir həyatın
tələbləri olduğunu vurğulayıb, rabitə və informasiya texnologiyaları
sektoru üzrə bütün sahələrin müasir tələblər səviyyəsində inkişaf
etdirilməsinin vacibliyini qeyd edib.
Ali Məclis Sədri bu sahədə
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Qeyd olunub
ki, alınan avadanlıqları qorumaq, öyrənmək və onlardan səmərəli istifadə
etmək, digər tərəfdən isə yenilikləri tətbiq etməklə gənclərimizi
gələcəyə hazırlamaq lazımdır. İnternet əsrində müasir texnologiyalar
tətbiq olunmalı, öyrənilməli və öyrədilməlidir.
Nazirliyə yaradılan
şəraitin tapşırıqların yerinə yetirə bilməsinə imkan verdiyini qeyd edən
Ali Məclis Sədri nazirlik üçün yaradılmış şəraitdən düzgün istifadə
ediləcəyinə, müasir texnologiyaların tətbiqi sahəsində fəaliyyətin davam
etdiriləcəyinə, muxtar respublikamızın təkcə müasir texnologiyaların
tətbiqi ilə deyil, eyni zamanda rabitə sahəsində seqment rolunu oynaya
biləcəyinə əminliyini bildirib.
Açılışı bildirən rəmzi lent
kəsildikdən sonra binaya baxış olub. Məlumat verilib ki, ümumi sahəsi
2800 kvadratmetr olan bina zirzəmi ilə birlikdə dörd mərtəbədən
ibarətdir. Burada ən yüksək texniki və xidmət standartlarına cavab
verən, muxtar respublikanın bütün telekommunikasiya şəbəkələri üzrə
əsas idarəetmə avadanlıqları yerləşir. Əsaslı təmir işlərinə bir ildən
artıq vaxt sərf edilən binanın elektrik təchizatı yenidən qurulmuş,
fasiləsiz elektrik verilişi üçün avtomatik işə düşən əsas və ehtiyyat
generator sisemi yaradılmış, binada gələcək perspektivlər üçün əlavə
imkanlar nəzərdə tutulmuş, texniki personal əla iş şəraiti ilə təmin
edilmişdir.
Binanın zirzəmisində
qazanxana, anbar, rabitə avadanlıqlarının istehsalı sexi, yeməkxana,
elektrik qovşağı yerləşir. Rabitə avadanlıqlarının istehsalı sahələrində
abonent qutuları hazırlanır.
Birinci mərtəbə müştəri
xidmətləri üçün nəzərdə tutulub. Burada “Naxtel” müştəri xidmətləri, o
cümlədən internet klub, veb səhifələrin hazırlanması, şəbəkələrin
layihələndirilməsi və qurulması, telekommunikasiya cihazlarına texniki
xidmət mərkəzi fəaliyyət göstərəcək.
İkinci mərtəbədə mərkəzi
avtomat telefon stansiyası, transmissiya qovşağı, kross, elektron
avadanlıqların təmiri sexi, teleqraf, 109 məlumat-sorğu, 107 sifarişli
kommutator servis xidmətləri, Məlumat Hesablama Mərkəzi üçün otaqlar
vardır.
Binanın üçüncü mərtəbəsində
isə muxtar respublikada fəaliyyət göstərən mobil operatorların-
“Naxtel”, “Azərcell”, “Bakcell” və “Azərfon”un əsas idarəetmə qurğuları
yerləşir.
Ali Məclis Sədri Şahbuz
rayonunun Batabat ərazisində “Naxtel”in yeni baza stansiyasının
quraşdırılması, “Naxtel” simsiz rabitə xidmətinin, müəssisə və
təşkilatlar arasında kompyuter şəbəkəsinin genişləndirilməsi, rabitə və
informasiya texnologiyaları sahəsində kadr hazırlığına diqqətin
artırılması, yeni istifadəyə veriləcək 3G texnologiyası ilə işləyən
telekommunikasiya avadanlıqlarında bütün müasir xidmətlərin nəzərdə
tutulması, turizmlə bağlı internet səhifəsinin yaradılması, özəl
müəssisələrin internet səhifələrinin yaradılmasına dəstək verilməsi,
internet istifadəçilərinin sayının artmasına şərait yaradılması barədə
tapşırıqlar verib.
Açılış
mərasiminin sonunda Ali Məclis Sədri nazirlik üçün alınmış 2 ədəd
“MİTSUBİSHİ”, 1 ədəd “HUNDAİ” markalı avtomobilin açarlarını təqdim
edib.
Mənbə:
Naxçıvan MR RİTN - Mətbuat Xidməti
|